Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi nəzarət tədbirləri zamanı Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkarlanıb.
Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil və monitorinqlər nəticəsində Mingəçevir şəhərində yerləşən istehsal obyektində pivənin rəsmi uçotdan kənar istehsal edilməsi və qeyri-rəsmi dövriyyəyə buraxılması ilə bağlı şübhələr müəyyən olunub.Keçirilən operativ nəzarət tədbirləri zamanı fərdi sahibkar Xəyyam Tağıyevin təsərrüfat subyektini vergi orqanlarında qeydiyyata almadan fəaliyyət göstərdiyi üzə çıxıb. Yoxlama zamanı istehsal sahəsi və anbarlardan ümumilikdə 198 min litr hazır pivə məhsulu, qablaşdırma üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, eləcə də mənşəyini təsdiq edən sənədləri olmayan 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan artıq digər istehsal xammalı aşkarlanıb.Aşkar olunan faktlar qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşdirilib və məsələ ilə bağlı müvafiq hüquqi tədbirlərin görüldüyü bildirilib.


