Elpress.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026–2027-ci tədris ilindən etibarən dövlət büdcəsindən maliyyələşdirilən ümumi təhsil müəssisələrində vəsaitlərin ayrılması mərhələli şəkildə adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək.
Yeni mexanizm çərçivəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin məbləği məktəblərin növünə və ümumi təhsilin ayrı-ayrı səviyyələrinə uyğun müəyyənləşdiriləcək. Bu məbləğlərə təhsilin səviyyəsindən asılı olaraq müvafiq artım əmsalları tətbiq olunacaq.
Nazirlər Kabinetinə adambaşına maliyyələşmə prinsipi ilə maliyyələşdiriləcək dövlət ümumi təhsil müəssisələrində bir şagirdə düşən illik xərclərin məbləğini və maliyyələşmə qaydalarını müəyyənləşdirmək tapşırılıb.
Qərara əsasən, Nazirlər Kabineti bu məsələlərlə bağlı qaydaları bir ay müddətində təsdiq etməli və görülən işlər barədə dövlət başçısına məlumat verməlidir.
Elm və Təhsil Nazirliyi isə hər il dövlət büdcəsi hesabına adambaşına maliyyələşdiriləcək dövlət ümumi təhsil müəssisələrinin siyahısını və həmin məktəblərdə təhsil alanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.
Maliyyə Nazirliyinə isə fərmandan irəli gələn tədbirlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin etmək tapşırılıb.


