Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri 3 dəfə azaldan nəticə əldə edib
Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi Afaq Nurullayeva radioproteksiya sahəsində apardığı tədqiqat zamanı mühüm nəticə əldə edib.Araşdırma nəticəsində müəyyənləşdirilib ki, CRMP2 zülalının tətbiqi qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri təxminən üç dəfə azalda bilər. Təcrübələr kobalt-60 mənbəyindən 8 Qrey dozada qamma-şüalanmaya məruz qalan siçovullar üzərində aparılıb.Tədqiqat zamanı CRMP2 zülalının şüalanmadan əvvəl tətbiq edildiyi heyvanlarda sümük iliyi hüceyrələrində genetik zədələnmələrin nəzarət qrupu ilə müqayisədə təxminən üç dəfə az olduğu müəyyənləşdirilib. Həmçinin çəki itkisi, iştahasızlıq və mədə-bağırsaq pozuntuları kimi klinik əlamətlərin daha yüngül olduğu müşahidə edilib.Alimlərin fikrincə, zülalın beyinə yeridilməsinə baxmayaraq qoruyucu təsirin sümük iliyində də müşahidə olunması mərkəzi sinir sistemi ilə periferik toxumalar arasında qoruyucu siqnal mexanizminin mövcudluğuna işarə edir.Nəticələrin gələcəkdə radiasiya təhlükəsi olan sahələrdə, eləcə də xərçəngin şüa terapiyası zamanı sağlam toxumaların qorunmasında tətbiq perspektivi olduğu bildirilir. Tədqiqatla bağlı “Heyvanlarda … CRMP2-nin intraserebral yeridilməsinə əsaslanan radioproteksiya üsulu” adlı ixtira üzrə Avrasiya Patenti də əldə edilib.


