Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu marşrutu üzrə sərnişinlər üçün yeni imkan yaradılır.
İyulun 10-dan etibarən qatarların tərkibinə əlavə üç yataq tipli vaqon qoşulacaq.
Elpress.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) məlumat yayıb.Bildirilib ki, əlavə vaqonların istifadəyə verilməsi ilə hər reys üzrə 104 yeni sərnişin yeri açılacaq və ümumi tutum 178 nəfərdən 282 nəfərə yüksələcək. Yeni vaqonlara biletlər artıq satışdadır və onların qiyməti hazırda istifadə olunan “Stadler” vaqonlarındakı biletlərlə müqayisədə daha münasib olacaq.
Məlumata əsasən, standart+ sinif üzrə Bakı–Tbilisi marşrutunda biletlərin qiyməti 65,20 manatdan, Gəncədən 49,30 manatdan, Yevlaxdan 53,30 manatdan, Ağstafadan isə 45,30 manatdan başlayır.
Qeyd olunub ki, yeni vaqonlarda sərnişinlər üçün 36 kiloqram ödənişsiz baqaj limiti müəyyən edilib. Bundan başqa, səfər zamanı rahatlığın artırılması məqsədilə mobil keytrinq xidməti də təşkil olunacaq.ADY-nin məlumatına görə, mayın 25-dən iyulun 6-dək Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 minə yaxın bilet satılıb, 14 minə yaxın sərnişin daşınıb. Bu da marşruta marağın artdığını göstərir.



