Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd əl-Saar ilə görüş keçirib.
Elpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.Görüşdə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.Tərəflər Azərbaycan-Suriya münasibətlərinin son dövrdə müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıblar. Prezident İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa arasında keçirilən görüşlərin və davamlı təmasların siyasi dialoqun möhkəmlənməsinə imkan yaratdığı bildirilib.Azərbaycan təbii qazının Suriyaya tədarükü iki ölkə arasında iqtisadi əməkdaşlığın real nəticə verdiyini göstərən mühüm nümunələrdən biri kimi qiymətləndirilib.Görüşdə humanitar sahədə həyata keçirilən layihələrə də diqqət çəkilib. Bu çərçivədə Azərbaycan Hökumətinin dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüslərin əhəmiyyəti vurğulanıb.Danışıqlar zamanı ticarət-iqtisadi əlaqələr, investisiya, energetika, infrastruktur və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə Azərbaycan Baş nazirinin müavini Samir Şərifov da iştirak edib.


