Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvarez Gil ilə görüşüb.
Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusional əsaslarının gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələləri də nəzərdən keçirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və koordinasiyanın genişləndirilməsi imkanlarını müzakirə ediblər.Görüşün sonunda Azərbaycan Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı şəkildə aradan qaldırılmasını nəzərdə tutan saziş imzalanıb.Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.Yeni sənədlərin iki ölkə arasında institusional əməkdaşlıq imkanlarının genişləndirilməsinə və Azərbaycan-Dominikan Respublikası münasibətlərinin inkişafına töhfə verəcəyi bildirilib.


