Hikmət Hacıyev: İki ölkə arasında münasibətlər strateji müttəfiqlikdən əbədi dostluğa keçir
Elpress.az xəbər verir ki, Azərbaycan və Özbəkistan arasında əbədi dostluq münasibətlərinə dair müqavilənin imzalanması nəzərdə tutulur.Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Daşkənddə jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında əlaqələr son illərdə yeni mərhələyə yüksəlib.Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan və Özbəkistan prezidentləri arasında keçirilən təmaslardan sonra münasibətlər strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru inkişaf edib. Hazırda isə əlaqələrin əbədi dostluq səviyyəsinə çatdırılması istiqamətində mühüm addım atılır.Hikmət Hacıyev qeyd edib ki, bu səfər çərçivəsində iki dövlət başçısı xalqların ortaq tarixi və mədəni bağlarından irəli gələrək əbədi dostluq münasibətlərinə dair müqavilə imzalayacaq. O bildirib ki, bununla artıq faktiki olaraq mövcud olan Azərbaycan–Özbəkistan dostluğu siyasi müstəvidə də rəsmiləşdiriləcək.Prezidentin köməkçisi həmçinin iki ölkə rəsmilərinin ünsiyyət zamanı Azərbaycan və özbək dillərindən daha çox istifadə etməyə çalışdıqlarını vurğulayıb. Onun sözlərinə görə, terminoloji çətinliklər yarandıqda bəzi hallarda rus dilindən istifadə olunur.


