Kazımağa Kərimovun yubileyi Şəhidlər xiyabanında anım mərasimi ilə yad olunub
Elpress.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kazımağa Möhsün oğlu Kərimovun anadan olmasının 75-ci ildönümü münasibətilə Şəhidlər xiyabanında anım mərasimi keçirilib. mərasim iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, məzarının üzərinə gül dəstələri düzüblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.Tədbirdə Kazımağa Kərimovun həyat və döyüş yolu barədə məlumat verilib. Bildirilib ki, 1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində ziyalı ailəsində dünyaya gələn Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. O, müxtəlif illərdə “Azərbaycan məktəbi” jurnalında və “Azərbaycan müəllimi” qəzetində çalışıb.Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdə Vətənin müdafiəsinə qalxan Kazımağa Kərimov Goranboyda yaradılan ilk özünümüdafiə taborunun formalaşmasında fəal iştirak edib və onun təşəbbüskarlarından biri olub.1992-ci il iyunun 12-13-də Ağcakənd qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı ağır yaralanmasına baxmayaraq, rəhbərlik etdiyi əməliyyatın sonadək uğurla həyata keçirilməsinə nail olub. Daha sonra Bakıdakı hərbi hospitala aparılan Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, iyunun 15-də şəhid olub və ertəsi gün Şəhidlər xiyabanında dəfn edilib.Kazımağa Kərimova ölümündən bir həftə sonra Prezidentin Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. O, bu ada layiq görülən ilk azərbaycanlı jurnalist kimi tarixə düşüb.Anım mərasimində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən, həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışından da söz açılıb. Çıxışlarda vurğulanıb ki, şəhidlərin uğrunda canlarını fəda etdikləri torpaqların azadlığına qovuşması onların arzularının gerçəkləşməsinin mühüm göstəricisidir.Tədbirdə çıxış edən Milli Qəhrəmanın oğlu Rəşad Kərimov atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib. O, Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən bərpa olunmasının şəhid ailələri üçün böyük qürur və mənəvi təsəlli olduğunu qeyd edib.



