Türkiyənin İstanbul şəhərində keçirilən konsertdə üç nəfərin halı pisləşib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Elpress.az xəbər verir ki, hadisə İstanbul Konqres Mərkəzində “Unreal x Jeton”un təşkil etdiyi konsert zamanı baş verib.
Məlumata görə, gecə saat 03:15 radələrində 29 yaşlı Furkan Aksu, 33 yaşlı T.M. və 24 yaşlı Mahmud Sami Ramazanoğlunun vəziyyəti qəfil pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, Furkan Aksu və Mahmud Sami Ramazanoğlu vəfat ediblər. Digər şəxsin vəziyyətinin isə ağır olduğu bildirilir.
İlkin ehtimallara görə, hadisənin alkoqol və narkotik vasitələrlə əlaqəli ola biləcəyi araşdırılır. Bununla belə, səbəb hələ rəsmi şəkildə təsdiqlənməyib.
Təxminən 5 min nəfərin iştirak etdiyi konsert saat 21:00-dan 04:00-dək davam edib. Tədbirə yalnız 18 yaşdan yuxarı şəxslər buraxılıb, ərazidə alkoqollu içkilərin təqdim edildiyi qeyd olunub.
Hadisədən sonra konsert məkanı boşaldılıb və faktla bağlı araşdırma başlanılıb.


