Anna Soave: Tarixi və təbii məkanlar yeni investisiya imkanları yaradır
Elpress.az xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarında turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Ölkənin tarixi şəhərləri, yaşayış məntəqələri, mədəni landşaftları, meşələri və dağlıq əraziləri turizm və investisiya baxımından əhəmiyyətli potensiala malikdir.Bunu UN-Habitat-ın Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.Onun sözlərinə görə, turizmin inkişafı yalnız artıq tanınmış istiqamətlərlə məhdudlaşdırılmamalı, digər şəhər və regionların da turizm imkanlarından daha geniş istifadə edilməlidir. Azərbaycanın zəngin multikultural irsi də bu sahənin inkişafı üçün əlavə imkanlar yaradır.Anna Soave qeyd edib ki, infrastrukturun inkişaf etdirilməsi regionların əlçatanlığını artırmaqla yanaşı, yeni investisiya layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bununla yanaşı, düzgün şəhərsalma və ərazi planlaşdırılması tikintinin hansı ərazilərdə və hansı miqyasda aparılmasının, eləcə də qorunmalı məkanların müəyyən edilməsinin vacib şərtidir.UN-Habitat rəsmisi vurğulayıb ki, turizm layihələrinin əsas məqsədlərindən biri yerli əhalinin və icmaların da bu inkişafdan faydalanmasını təmin etmək olmalıdır. Məkanların yalnız turistlər üçün nəzərdə tutulması qısamüddətli gəlir gətirsə də, uzunmüddətli perspektivdə həmin ərazilərin dəyərinə mənfi təsir göstərə bilər.


