Alparslan Bayraktar: Enerji əməkdaşlığında yeni imkanlar yaranır
Elpress.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının elektrik enerjisi sistemlərinin daha sıx inteqrasiyası istiqamətində genişləndirilməsi nəzərdə tutulur.Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib ki, iki ölkə arasında əməkdaşlıq neft və təbii qazla məhdudlaşmır.Onun sözlərinə görə, tərəfdaşlıq mədənçilik, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik bazarları, ötürmə və paylama sahələrini də əhatə edir.Bayraktar qlobal enerji sektorunun mühüm transformasiya mərhələsindən keçdiyini və enerji sistemlərinin getdikcə daha çox elektrik mərkəzli xarakter aldığını qeyd edib. Nazir vurğulayıb ki, əsas məqsəd yalnız enerji istehsal etmək deyil, istehsal olunan enerjini təhlükəsiz, dayanıqlı və səmərəli şəkildə istehlakçılara çatdırmaqdır.Nazirin sözlərinə görə, bir-biri ilə əlaqələndirilmiş güclü elektrik sistemləri enerji təchizatının təhlükəsizliyini artırır, bərpa olunan enerjinin sistemə inteqrasiyasını asanlaşdırır və ölkələr arasında yeni enerji ticarəti imkanları yaradır.Bayraktar elektrik interkonnektorlarının yalnız texniki bağlantı olmadığını, eyni zamanda Azərbaycan və Türkiyənin enerji sistemlərini daha da yaxınlaşdıran strateji vasitə olduğunu bildirib.


