DİM sədri: Ötən ilin keçid balı builki nəticəni əvvəlcədən müəyyən etmir
Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi zamanı ötən ilin keçid ballarını əsas göstərici kimi qəbul etməməyi tövsiyə edib.Məleykə Abbaszadənin sözlərinə görə, keçid balı əvvəlcədən müəyyənləşdirilmir və hər il keçirilən müsabiqənin nəticələrinə əsasən formalaşır. Bu göstəriciyə həmin ixtisasa müraciət edən namizədlərin sayı, onların topladığı ballar və plan yerlərinin miqdarı təsir göstərir.DİM sədri bildirib ki, abituriyentlərin qəbul imtahanında ikinci dəfə iştirak etmək və müəyyən şərtlər çərçivəsində başqa ixtisas qrupu üzrə imtahan vermək imkanından istifadə edənlərin sayı çox deyil. Onun fikrincə, ikinci cəhd əvvəlki nəticədən daha yüksək bal toplamaqla yanaşı, hazırlıq strategiyasını yenidən nəzərdən keçirmək üçün də imkan yaradır.Abbaszadə boş qalan plan yerlərinə ixtisas seçimi zamanı abituriyentlər üçün yaradılan imkanlara da diqqət çəkib. Bildirib ki, namizədlər eyni elektron ərizədə həm ali məktəblərdə boş qalan yerləri, həm də tam orta təhsil bazasında orta ixtisas müəssisələrinin ixtisaslarını göstərə bilərlər. Elektron ərizədə 20-dək ixtisas kodunun qeyd edilməsi mümkündür və onların ardıcıllığını abituriyent özü müəyyənləşdirir.Onun sözlərinə görə, ali və orta ixtisas təhsili üzrə müsabiqə fərqli qaydalarla aparılır. Ali məktəblərin boş qalan yerləri üzrə müsabiqədə birinci və ikinci mərhələnin ümumi nəticələri nəzərə alındığı halda, orta ixtisas müəssisələrində seçim əsasən buraxılış imtahanının nəticəsinə əsaslanır.DİM sədri həmçinin bildirib ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub. Bu yerlər iqtisadiyyat, maliyyə, idarəetmə, turizm, İT, texniki sahələr, səhiyyə, aqrar istiqamətlər, sosial-humanitar sahələr, incəsənət və digər ixtisasları əhatə edir.Məleykə Abbaszadə vurğulayıb ki, orta ixtisas təhsili ali məktəbə qəbul üçün yalnız alternativ seçim kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, kolleci bitirən subbakalavrların uyğun bakalavriat ixtisasları üzrə təhsillərini davam etdirmək hüququ da var. Buna görə də abituriyentlərin yalnız ali məktəbə qəbul olmaq məqsədilə təsadüfi ixtisas seçməsi əvəzinə, gələcək peşə və maraqlarına uyğun variantı nəzərdən keçirməsi daha məqsədəuyğundur.



