İldırımlı hava şəraiti səbəbindən bəzi uçuşların vaxtı dəyişdirilib
Elpress.az xəbər verir ki, Azərbaycan Hava Yollarının (AZAL) avqustun 29-na nəzərdə tutulan bir sıra Bakı-Naxçıvan-Bakı reyslərinin icrası əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.AZAL-ın Mətbuat Xidmətindən verilən məlumata görə, uçuşların təhlükəsiz şəkildə həyata keçirilməsi üçün meteoroloji şəraitin normallaşması gözlənilir. Hava sabitləşdikdən sonra reyslərin icrasının bərpa olunacağı və sərnişinlərə uçuşlarla bağlı mümkün dəyişikliklər barədə məlumat veriləcəyi bildirilib.Qeyd olunub ki, Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi bölgədəki meteoroloji şəraitin aviasiya əməliyyatlarına təsirini artırır. Güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin qalxması və enişi zamanı əlavə təhlükələr yarada bilər.AZAL vurğulayıb ki, reyslərin təxirə salınması və ya ləğvi ilə bağlı qərarlar yalnız hava limanında müşahidə edilən hava şəraitinə əsasən qəbul edilmir. Bu zaman marşrut boyunca, həmçinin qalxış və eniş hava limanlarında mövcud və gözlənilən meteoroloji vəziyyət nəzərə alınır.Bildirilib ki, sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuşlarla bağlı qərarlar beynəlxalq aviasiya təhlükəsizliyi tələblərinə uyğun şəkildə qəbul edilir.


