Hörmüz boğazında konteyner gəmisinin batmasından sonra dənizin səthində “iPhone” telefonları, bahalı ətirlər və digər məhsulların olduğu görüntülər yayılıb.
Elpress.az xəbər verir ki, dənizçilik sektorundakı mənbələrin məlumatına görə, Sinqapur bayrağı altında üzən, 2 824 konteyner daşımaq imkanına malik “GFS Pride” gəmisi hücuma məruz qaldıqdan sonra batıb.
Sinqapur tərəfi gəmidə yanğın baş verdiyini və 21 nəfərlik heyətin hamısının xilas edildiyini təsdiqləyib. İran isə gəminin təhlükəli marşruta icazəsiz daxil olduqdan sonra minaya düşərək batdığını bildirib.
Yayılan kadrlarda suya düşmüş konteynerlər və kiçik qayıqlarda malları toplamağa çalışan şəxslər görünür. Qayıqlardan birinin “iPhone” qutuları ilə dolu olduğu bildirilir. Dənizdə üzən məhsulların batmış gəmidən düşdüyü ehtimal olunur.
Məlumata görə, son günlər Hörmüz boğazında daha iki gəmi hücuma məruz qalıb. Bölgədə hərbi qarşıdurma başlayandan bəri gəmilərin batması nadir qeydə alınan hadisələrdən olub.


