17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə şəhərdə musiqi və rəqs proqramı təqdim edilib.
Elpress.az xəbər verir ki, konsert Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilib. Proqramda Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, Füzuli sakini olan Əməkdar artist Nizami Abdullayev, Ağabala Abdullayev və rəqs ansamblı çıxış ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar, eləcə də milli rəqslər nümayiş etdirilib.
Füzuli Şəhəri Günü münasibətilə keçirilən tədbirlər Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunur. Proqramlar milli-mənəvi dəyərlərin yaşadılmasına, şəhərin mədəni həyatının zənginləşdirilməsinə və doğma yurda qayıdan sakinlərin bayram sevincinin bölüşülməsinə xidmət edir.


