Qismən Ay tutulması dünyanın bir sıra bölgələrindən görünəcək, Azərbaycanda isə yalnız qısa müddət müşahidə olunacaq
Elpress.az xəbər verir ki, 2026-cı ilin ikinci Ay tutulması avqustun 28-də baş verəcək. Bu dəfə Ay Yerin kölgəsinin yalnız bir hissəsindən keçəcəyi üçün tutulma qismən xarakter daşıyacaq.Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma prosesinin müxtəlif mərhələləri səhər saatlarından etibarən başlayacaq. Yarımkölgəli tutulma saat 05:23:55-də, qismən tutulma isə 06:33:48-də başlayacaq. Tutulmanın maksimum mərhələsi 08:12:53-də qeydə alınacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli tutulma isə 11:01:41-də başa çatacaq.Tutulma Avropa, Afrika, Asiya və Amerika qitələrində müşahidə edilə biləcək. Azərbaycan ərazisindən isə Ay tutulmasının yalnız yarımkölgəli mərhələsinin bir hissəsini görmək mümkün olacaq.Ölkə ərazisində hadisə saat 05:23-dən başlayaraq Ayın batacağı 05:55-dək müşahidə edilə biləcək.


