Sanatoriyada fövqəladə hallar zamanı təxliyə və yanğınla mübarizə üzrə praktiki məşğələ təşkil olunub
Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirib.FHN-dən verilən məlumata görə, “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda keçirilən məşğələnin əsas məqsədi sanatoriyanın əməkdaşlarına fövqəladə vəziyyətlər, xüsusilə yanğın zamanı düzgün davranış qaydalarını öyrətmək və təxliyə tədbirlərinin təşkilini təkmilləşdirmək olub.İki mərhələdən ibarət təlimin nəzəri hissəsində sanatoriya əməkdaşlarına yanğın və digər fövqəladə hallar zamanı görülməli tədbirlər, təhlükəsiz təxliyənin təşkili və davranış qaydaları izah edilib. İştirakçıların sualları cavablandırılıb.Praktiki mərhələdə isə şərti yanğın ssenarisi üzrə “Həyəcan” siqnalı verilib. Bundan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri xüsusi texnika ilə hadisə yerinə operativ şəkildə cəlb olunaraq yanğının qarşısının alınması üzrə tədbirlərə başlayıb.Təlim zamanı təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz əraziyə çıxarılması, şərti xəsarət alan şəxslərə ilkin yardım göstərilməsi və yanğının qısa müddətdə söndürülməsi həyata keçirilib.Məşğələyə ümumilikdə 24 nəfərlik şəxsi heyət və 3 ədəd texnika cəlb olunub. Təlim başa çatdıqdan sonra nəticələr müzakirə edilib və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.


