Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:
“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!”
Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz “Danışan Quran” deyirdi.
Bəli, Sabir bəyi əyani tanıdığım bu 43 ildə — istər poeziya görüşlərində, istər ali kürsülərdə, istərsə də getdiyi və birlikdə getdiyimiz dünya ölkələrində — onun taleyimizdən, millətimizdən, “günümüzün çoxu zülmət, azı işıq” dediyi dərdlərimizdən danışdığının şahidi olmuşam. Onu üzdən görüb, içinə girib tanıdığım üçün Sabir bəyə “Danışan Vətən” deyirəm.
Dünyanın harasına getdisə, varlığını öz yoluna, öz dərdinə xərclədi. Çantasında apardığı Azərbaycan nemətlərini, Yardımlının təndir çörəyini, motal pendirini görüşə gələn dostlarla yarı bölüşüb, qərib yurddaşlarımıza Vətən yaşatdı.
Sabir bəy yol yoldaşından çox yol qardaşlığı, qan qardaşlığı edib. Yaşının bizdən çox olmasına baxmayaraq, yerişi, danışığı, hər sözə yerində cavab vermək məharəti ilə bizdən cavan, bizdən qüdrətli oldu.
Dünya Azərbaycanlıları Konqresi olaraq dünyanın hər yerində olduq. 2010-cu ilin dekabr ayının 12-də İsveçdə keçiriləcək 21 Azər Hərəkatının ildönümünə gedirdik. Əməliyyat olunduğumdan halım həmişəki səfərlərimdən fərqli idi. Bakıdan İstanbula, oradan Frankfurta, bir gün orada qaldıqdan sonra isə İsveçin Höteborq şəhərinə uçmalı idik.
Bakıdan İstanbula uçub 8 saat gözləməli olduq. Sabir bəyi təyyarədə görmədiyimdən narahat olmuşdum. Sən demə, millət vəkilinə lap arxa cərgədə yer veriblərmiş. Təyyarə havada bir az məsafə qət etdikdən sonra gördüm ki, arxadan kürəyimə bir əl dəyir və Sabir bəyin səsini eşidirəm:
— Əli, necəsən?
Yanımda əyləşənlər və ətrafdakılar Sabir bəyi salamlayırdı. O isə hamını qarşılıqlı salamlayaraq nəzərlərini məndən çəkmirdi.
İstanbul hava limanına endikdən sonra əl çantalarımızı götürüb gözləməli olduq. Vaxtı keçirmək üçün Sabir bəy bizi çay içməyə dəvət etdi. Mənimlə yanaşı oturub əlini kürəyimə çəkir, ağrılarımı azaltmağa çalışır, mənə güc verir, möhkəm olmağımı istəyirdi. Bəli, mübarizədə ağrılar hiss olunmamalı, insan məğrur, qürurlu və möhkəm olmalıdır.
Sabir bəy ilk dəfə gözləmədiyim halda bütün həyat yolundan, keçirdiyi ağrılardan danışdı. Arabir dönüb ona baxırdım. Gözləri yaşla dolmuşdu, kiprikləri islanmışdı. Dəhşətli bir mənzərə idi… Bu göz yaşları sanki kipriklərində özünü öldürür, yanaqlarına süzülməyə imkan vermirdi.
Vaxt elə tez gəlib keçdi ki, Frankfurta gedən təyyarəyə minməyə tələsdik.
Frankfurtda bizi DAK-ın həmsədri Firidun Pərviz Nia və mənim “Hakimiyyət”dəki şərikim, sayın doktor Müştaq bəy Qacar qarşıladılar. Otelə səhər saat 7-də çatdığımızdan otaqlara yerləşmək üçün saat 12-yə qədər gözləməli olduq.
Sabir bəy dostlara fikir vermədən İstanbulda yarımçıq qalmış söhbətinə davam etdi. Yenə həmin dəhşətli səhnənin şahidi oldum. Sabir bəyi yanımızda Vətən bilib sevirdim, adam kimi sevirdim!
Geri döndükdən az sonra Sabir bəy zəng vurub görüşmək istədi. Yunus Oğuzun Dram Teatrındakı tədbirinə dəvət aldığından görüşün tez bitməsini istəyirdi. Bu dəfə mən Sabir bəyə səfərimizin doğmalığından yaranan, ona həsr etdiyim şeiri oxudum:
Heç oxşaya bilmədim,
Solmuşdu səhər-səhər.
Göz yaşımı şeh bilən,
Gülümə bax, ay Allah!
Və beləcə, Yunus bəyin tədbirini də elə oradaca xatırladıq.
Ən böyük sevgimiz — Vətən və Yaradan! Yaradan yaratdığına yaratmaq bacarığı verirsə, Onun zərrəsi Nəsimi, Füzuli, Xətai, Sabir bəy Rüstəmxanlı deyilmi?!
“Füzulinin Kərbəlada dağıdılmış məzarına da Vətən” deyən Sabir bəy Rüstəmxanlı özü Vətən deyilmi?!
80 illik yubileyin mübarək, yol qardaşım, danışan Vətənim!
Əli Hacı Ağayevli
DAK-ın Avropa ölkələri üzrə koordinatoru


