Avropa İttifaqı deportasiya proseslərini sürətləndirmək məqsədilə üçüncü ölkələrdə xüsusi deportasiya mərkəzlərinin yaradılması və sığınacaq qaydalarının sərtləşdirilməsi ilə bağlı razılıq əldə edib.
Elpress.az-ın Almaniya mediasına istinadən verdiyi məlumata görə, qərar Avropa Parlamenti ilə Aİ-yə üzv ölkələrin hökumət nümayəndələri arasında aparılan danışıqların nəticəsində qəbul olunub.Yeni qaydalara əsasən, sığınacaq müraciəti rədd edilən və Aİ ərazisini könüllü tərk etməyən şəxslər İttifaq hüdudlarından kənarda yerləşəcək xüsusi mərkəzlərə göndərilə bilərlər. Həmin mərkəzlərdə onların mənşə ölkələrinə deportasiyası təşkil olunacaq.Razılaşmada müşayiətsiz azyaşlıların bu prosedurdan kənarda saxlanılması nəzərdə tutulsa da, uşaqlı ailələr üçün belə istisna tətbiq edilməyəcək. Deportasiya mərkəzlərinə ev sahibliyi edən ölkələrə isə maliyyə dəstəyi və ya viza sahəsində güzəştlər təqdim oluna bilər.Sənəd deportasiya qərarlarının icrasından yayınan şəxslərə qarşı tədbirlərin də sərtləşdirilməsini ehtiva edir. Bu çərçivədə sosial ödənişlərin dayandırılması, səyahət sənədlərinin müsadirəsi və deportasiya məqsədilə saxlanılma kimi addımlar nəzərdə tutulur. Saxlanma müddəti adi hallarda 24 aya, xüsusi hallarda isə 30 aya qədər uzadıla bilər.Məlumata görə, Almaniya da daxil olmaqla bir sıra Aİ ölkələri artıq potensial tərəfdaş dövlətlərlə danışıqlara başlayıb. Bununla belə, deportasiya mərkəzlərinin hansı ölkələrdə yaradılacağı hələ açıqlanmayıb.Qaydaların qüvvəyə minməsi üçün sənədin Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməsi tələb olunur. Bu mərhələnin isə əsasən formal prosedur olduğu bildirilir.Statistik göstəricilərə əsasən, 2025-ci ildə Aİ-də ölkəni tərk etməli olan miqrantların yalnız 28 faizi faktiki olaraq geri qaytarılıb. Yeni mexanizmlərin bu göstəricini artırması hədəflənir.



