Bu gün Azərbaycanda xalqın azadlıq iradəsini və milli müstəqillik uğrunda mübarizəsini təcəssüm etdirən Milli Dirçəliş Günü qeyd olunur.
Elpress.az xəbər verir ki, bu əlamətdar günün tarixi 1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq meydanında başlayan kütləvi xalq mitinqləri ilə bağlıdır. Həmin dövrdə minlərlə insan Azərbaycanın suverenliyi, milli hüquqlarının qorunması və ölkənin gələcəyi naminə öz etiraz səsini ucaldıb.
Meydanda günlərlə davam edən aksiyalar xalqın milli özünüdərk prosesində mühüm mərhələyə çevrilib. Bu hadisələr cəmiyyətdə azadlıq və müstəqillik ideyalarının daha geniş yayılmasına, milli həmrəyliyin güclənməsinə təkan verib.
17 Noyabr hadisələri Azərbaycanın müstəqilliyə aparan yolunda tarixi dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, Milli Dirçəliş Günü 1992-ci ildən dövlət bayramı kimi qeyd olunur.


