Avropa İttifaqı Şurasının son qərarına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid “Zaqatala” gəmisinə, həmçinin ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq olunan sanksiyalar aradan qaldırılıb.
Elpress.az-ın məlumatına görə, bu qərarla həmin gəmilər rəsmi şəkildə Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.
Qərarın əldə olunması Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO və SOCAR-ın birgə və koordinasiyalı diplomatik-hüquqi fəaliyyəti nəticəsində mümkün olub.
Qeyd olunur ki, bu gəmilər uzunmüddətli çarter müqavilələri əsasında üçüncü tərəflərə icarəyə verilib və onların istismarı beynəlxalq qaydalar, eləcə də sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilib. Bu addım obyektiv yanaşmanın və konstruktiv əməkdaşlığın nəticəsi kimi qiymətləndirilir.
ASCO isə bundan sonra da beynəlxalq gəmiçilik sahəsində fəaliyyətini milli qanunvericilik və beynəlxalq hüquq normalarına, eləcə də sanksiya rejimlərinə riayət etməklə davam etdirəcəyini bildirib.


