Misli Premyer Liqasının VIII turu cari mövsümün ən çox tamaşaçı toplayan oyun həftəsi olub. Qarşılaşmaları stadionlardan ümumilikdə 30 800 azarkeş izləyib.
Elpress.az xəbər verir ki, Peşəkar Futbol Liqasının açıqladığı məlumata əsasən, turun orta tamaşaçı göstəricisi 5 133 nəfər təşkil edib.
Ən çox azarkeş “Kəpəz” – “Zirə” və “Qarabağ” – “Neftçi” matçlarında qeydə alınıb. Gəncə təmsilçisinin nominal ev oyununu 13 800, Azərbaycan derbisini isə 13 500 tamaşaçı izləyib. Hər iki qarşılaşma heç-heçə ilə başa çatıb: ilk oyun 1:1, ikinci görüş isə 3:3 hesabı ilə yekunlaşıb.
Digər matçlarda qeydə alınan tamaşaçı sayı belə olub:
- “Şamaxı” – “Şəfa” (3:2) — 1 200 nəfər;
- “Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) — 1 200 nəfər;
- “Qəbələ” – “Sabah” (0:4) — 750 nəfər;
- “İmişli” – “Turan Tovuz” (1:0) — 350 nəfər.
Qeyd edək ki, əvvəlki tamaşaçı rekordu IV turda qeydə alınmışdı. Həmin vaxt stadionlara ümumilikdə 24 512 azarkeş gəlmişdi.


