Bakı məktəblərində şagird və müəllimlərin geyim tələblərinə əməl etməsi ilə bağlı monitorinqlərə başlanılıb. Yoxlamalar zamanı qaydalara uyğun olmayan hallar, eləcə də tədris mühitində arzuolunmaz davranışlar qeydə alınıb.
Elpress.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Monitorinqlər çərçivəsində şagirdlərin məktəbli formasına, müəllimlərin isə pedaqoji fəaliyyətə və işgüzar mühitə uyğun geyim qaydalarına riayət etməsi araşdırılır. Uyğunsuzluq aşkarlandıqda məktəb rəhbərliyi şagird və müəllimlərlə maarifləndirici söhbətlər aparır, zərurət olduqda valideynlər məktəbə dəvət edilir.
İdarənin açıqlamasında bəzi məktəblərdə dərs prosesinə mane olan davranışların, məktəb əmlakına zərər vurulması hallarının, həmçinin geyim qaydaları ilə əlaqədar müəllim və rəhbərliyə təzyiq göstərilməsinin qeydə alındığı bildirilib.
Qeyd olunub ki, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərsə buraxılmadığı hallar da olub. Monitorinqlər davam etdiriləcək.


