Amerikalı milyarder İlon Mask ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasını dəstəkləmək üçün yüz milyonlarla dollar vəsait ayırıb. Onun maliyyə dəstəyi partiyanın Konqresdəki üstünlüyünü qorumaq səyləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Elpress.az xəbər verir ki, “Bloomberg” və “Reuters”in məlumatlarına görə, Maskın 2026-cı il seçki dövründə siyasi xərcləri təxminən 366 milyon dollara çatıb. Bunun 276 milyon dollardan çoxu iyul ayından etibarən Respublikaçılarla əlaqəli siyasi təşkilatlara və onun özünün siyasi fəaliyyət komitəsinə yönəldilib.
Vəsaitin böyük hissəsi Respublikaçıların Senat seçkilərində namizədlərini dəstəkləyən “Senate Leadership Fund” təşkilatına ayrılıb. Mask sentyabrda bu quruma 158 milyon dollar köçürüb. Bundan başqa, onun “America PAC” siyasi fəaliyyət komitəsinə 76 milyon dollar, Nümayəndələr Palatasına seçkilərdə Respublikaçıları dəstəkləyən “Congressional Leadership Fund”a isə 20 milyon dollar verilib.
Maliyyə dəstəyinin artması seçkilərin Maskın biznes maraqları baxımından əhəmiyyəti ilə də əlaqələndirilir. “Reuters” yazır ki, Demokratlar Konqresdə üstünlük əldə edəcəkləri təqdirdə Maskın dövlət müqavilələri və Donald Tramp administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlı araşdırmaların aparılmasını gündəmə gətirə bilərlər. Onun “Tesla” və “SpaceX” şirkətlərinin fəaliyyəti də federal siyasət və tənzimləmələrdən asılıdır.
ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Səsvermə zamanı Nümayəndələr Palatasının bütün üzvləri və Senatın təxminən üçdə biri seçiləcək. Seçkilərin nəticəsi prezidentin qalan səlahiyyət müddətində Konqreslə münasibətlərinə və qanunvericilik gündəliyinə təsir göstərə bilər.


