Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Elpress.az xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasim “Club Diplomatic” sarayında baş tutub.
Tədbirdə Rumıniyanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, ictimai-siyasi və mədəniyyət xadimləri, yerli media rəhbərləri, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar və digər icmaların nümayəndələri iştirak ediblər.
Mərasimdə əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib, Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov çıxışında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün bərpasından və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışıb. O, regionda davamlı sülhün və xalqlar arasında dinc birgəyaşayışın vacibliyini vurğulayıb.
Tədbirin əsas qonağı olan Rumıniya Senatının sədri Mirça Abrudean 8 Noyabrın Azərbaycan tarixindəki əhəmiyyətini qeyd edib. O, Rumıniyanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərinə önəm verdiyini bildirib. Senat sədri həmçinin Cənubi Qafqazda iqtisadi, enerji və nəqliyyat layihələrinin inkişafı üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.
Mərasim çərçivəsində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar Azərbaycanın qələbəsinə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə və mina probleminə dair fotosərgi ilə də tanış olublar.
Günün sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.


