“Efir mədəniyyəti tamam fərqli anlayışdır, amma bizdə bu sahədə ciddi boşluqlar var. Gələcəkdə necə olacağını demək çətindir. Əvvəllər də “ara oxuyan”lar olub, lakin o dövrün xanəndələri və estrada ifaçıları əsasən özfəaliyyət səviyyəsindən yetişərək formalaşırdı. Bu gün isə səsi olub-olmamasından asılı olmayaraq hər kəs klip çəkdirir, bəstəkarlar da yaxşı qonorar müqabilində hit mahnılar hazırlayır və nəticədə bu məhsullar tez bir zamanda populyarlaşır”.
Elpress.az Yeniçağ.az-a istinadən xəbər verir ki, bu fikirləri Xalq artisti Eldar Mansurov rejissor Nail Naiboğlunun “YouTube” layihəsində səsləndirib. O, efirdə yayımlanan bayağı hesab edilən mahnılardan söz açıb.
Bəstəkar son vaxtlar yeni əsərlər yazmamasının səbəbini də izah edib: “Soruşurlar ki, niyə mahnı bəstələmirəm? Açığı, əvvəlki ifaçılarım artıq yoxdur — bəziləri vəfat edib, bəziləri yaşlanıb. Qalanlar isə tamam başqa üslubda ifa edir. Bu gün 80 yaşlı sənətçinin 18 yaşlı gənclərə xas ritmdə mahnılar oxuması düzgün görünmür”.
O, həmçinin bayağı sayılan ifaçıların efirdən uzaqlaşdırılmasına qarşı olduğunu vurğulayıb: “Mən onlara da mahnı verə bilərəm. Onları efirdən silmək doğru deyil. Əksinə, repertuarlarını dəyişmək lazımdır. Məsələn, Cavanşir Quliyev, Faiq Sücəddinov və Vaqif Gərayzadə kimi bəstəkarların əsərlərini ifa etsinlər, yetər ki, düzgün təqdim etsinlər. Onları televiziyadan uzaqlaşdırmaq olmaz. Bu gün tənqid olunan bəzi ifaçılar sabahın tanınmış sənətkarları ola bilər”.


