Sonuncu Xəbərlər

Gənc vokalçı Emin Eminzadə pop və caz vokal janrının təbliğinə həsr olunmuş ustad dərsləri keçəcək

Dekabr 6th, 2016 | by ELPRESS.AZ
Gənc vokalçı Emin Eminzadə pop və caz vokal janrının təbliğinə həsr olunmuş ustad dərsləri keçəcək
Digər
0

Azərbaycanın gənc vokalçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Emin Eminzadə dekabrın 8-də saat 18:00-da “YARAT” Müasir İncəsənət Mərkəzində pop və caz vokal janrının təbliğinə həsr olunmuş ustad dərsləri keçəcək.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “YARAT FreeStyle” adlı açıq platforma çərçivəsində reallaşacaq.

Gənc ifaçı iştirakçılarla Avropa və ABŞ-da peşəkar musiqi seminarları və tədbirləri zamanı əldə etdiyi təcrübə və biliklərini bölüşəcək. Özünə və səs imkanlarına güvənən bütün həvəskar ifaçılar təlim prosesinə qatıla bilərlər. Belə ki, ustad dərslərində iştirakçılara nəfəs ilə səlis işləmək üçün məşqlər, səs telləri ilə düzgün və lazımlı davranış, ifaçılara mahnı seçimi barədə məsləhətlər, ingilis dilində olan mahnı sözlərinin monoloq formasında çıxışı, ifaçılıq qaydaları və səhnə hərəkəti ilə vokal əlaqələri təhlil edilərək çatdırılacaq.Tədbirin əsas mahiyyəti özlərini Pop&Jazz&Soul janrında yeni sınayan şagird və həvəskar ifaçılara motivasiya verməkdir.
Eyni zamanda, Emin Eminzadə eksklüziv olaraq sözləri və musiqisi özünə məxsus olan 2 mahnı ifa edəcək. Təlim prosesini Bakı Musiqi Akademiyasının tələbəsi Alp Əliyev fortepianoda müşayiət edəcək.

Qeyd edək ki, Emin Eminzadə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G.Şaroyev adına 35 saylı Musiqi Məktəbinin vokal şöbəsini bitirib.

O, hələ gənc yaşlarından məşhur italyalı tenor Robertino Loretti ilə birgə əməkdaşlığından sonra böyük tamaşaçı rəğbəti qazanıb. Robertino Loretti Emin Eminzadənin istedadını yüksək qiymətləndirərək onu “Azərbaycanın Robertinosu” adlandırıb. Nəticədə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012), 16 yaşında Qazaxıstanda (2013) və 16 yaşında Hollandiyada keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu və Moskvada nəşr olunan “Баку” jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində Emin Eminzadənin uğurlarına verilən qiymət kimi “Большие Надежды” adlı məqalə dərc olunub.

Emin Eminzadə indiyədək ABŞ Dövlət Departamentinin xətti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı “Marshall High School”u təhsil alan, həmçinin Amerika Musiqili və Dramatik Akademiyasına (American Musical and Dramatic Academy – AMDA) qəbul olan ilk azərbaycanlıdır. Onun repertuarında türk, rus ingilis, italyan və ispan dillərində mahnılar var və bu dillərdə sərbəst danışır. Hazırda Bakı Musiqi Akademiyasının tələbəsi olan Emin Eminzadənin müəllimi və məsləhətçisi, SSRİ xalq artisti, professor Fidan Qasımovadır.

Emin Eminzadənin debüt mahnısı “Bubble Dreams”, Avropa və ABŞ-da böyük marağa səbəb olub və bir neçə məşhur xarici radiolarda səslənib. Kompozisiyanın aranjemanı Yanq Bek, Devid Faustino, Snup Doq, Bruno MARS və s. dünya ulduzları ilə əməkdaşlıq edən, Nyu-Yorkda yerləşən məşhur “Cinema Production” şirkətinə məxsusdur. “Bubble Dreams” həmçinin dünyada məşhur olan “VEVO” onlayn video kanalında, “iTunes” və “Amazon Online” onlayn-mağazalarında yerləşdirilib.
Gənc ifaçı müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini layiqincə təmsil etdiyinə və qazandığı çoxsaylı uğurlarına görə Prezident təqaüdünə layiq görülüb və adı “Gənc istedadların Qızıl Kitabı”na daxil edilib.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.