Sonuncu Xəbərlər

Mahmud Kaşqari Fondunun medalları laureatlara təqdim edildi – Foto

Noyabr 26th, 2016 | by ELPRESS.AZ
Mahmud Kaşqari Fondunun medalları laureatlara təqdim edildi – Foto
Cəmiyyət
0

Dünən Mahmud Kaşqari Fondunun on illiyi və qurumun təsis etdiyi medalların laureatlara təqdimolunma mərasimi keçirilib.

Fondun icraçı direktoru Elxan Zal Qaraxanlı rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib.

Medalla təltif edilən şəxslərin türk dünyası mədəniyyətinin inkişafı naminə önəmli işlər gördüklərini bildirib.

Fondun sədr müavini, AYB-nin mətbuat katibi Xəyal Rza da çıxış edərək, gələn il böyük türk alimi Mahmud Kaşqarinin min illiyilə bağlı geniş tədbir keçiriləcəyini diqqətə çatdırıb.

Daha sonra Fondun mükafat komissiyası tərəfindən, ümumtürk mədəniyyəti qarşısında xidmətlərinə görə, bir sıra tanınmış ədəbiyyat adamına medallar təqdim olunub.

Xalq şairi Sabir Rüstəmxanlı bu medalla təltif edilməsindən məmnun olduğunu deyərək, Mahmud Kaşqarinin vətəninə səfərindən, onun türbəsini ziyarət etməsindən danışıb, xatirələrini bölüşüb.

Tanınmış şair və yazıçı Əjdər Ol bununla ikinci dəfə Mahmud Kaşqari adına mükafata layiq görüldüyünü bildirib: “İlk dəfə 2011-ci ildə Ankarada Türkiyənin Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Mahmud Kaşqari beynəlxalq hekayə müsabiqəsinin qalibi olmuşam.

İndi isə onun adını daşıyan medala layiq görülürşəm. Mahmud Kaşqari türk dünyasının tarixində müstəsna yeri olan şəxsiyyətdir. Buna görə də məhz onun adıyla bağlı mükafatlarla təltif edilməyim məni olduqca sevindirir”.

Digər laureat – türkiyəli söz adamı, Azərbaycan ədəbiyyatının fəal dostu və təbliğçisi İmdat Avşar da Mahmud Kaşqarinin türk mədəniyyətinin inkişafı üçün göstərdiyi böyük xidmətlərdən söz açıb.

O deyib ki, dünya türklərinin öz köklərinə bağlılığı, vahid ideya ətrafında birləşmələri üçün böyük mütəfəkkirin yaradıcılığı, xüsusən “Divani-Lüğət-it-Türk” əsəri çox böyük əhəmiyyət kəsb edir. İmdat Avşar Mahmud Kaşqarinin başqa bir mühüm əsərinin də mövcudluğu barədə ehtimala toxunaraq, onun da tapılıb ortaya çıxarılmasının tarixi köklərimizin daha dərindən öyrənilməsi baxımından vacibliyini vurğulayıb.

Tədbirdə Mahmud Kaşqari medalı ilə təltif edilənlər sırasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, iş adamı Musa Süleymanov, şair İbrahim İlyaslı da olub.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.