Sonuncu Xəbərlər

Britaniya mətbuatı: Trump-ın səslərini yenidən saymağı tələb edirlər

Noyabr 25th, 2016 | by ELPRESS.AZ
Britaniya mətbuatı: Trump-ın səslərini yenidən saymağı tələb edirlər
Dünya
0

“The Guardian” yazır ki, ABŞ-da Yaşıllar Partiyasının prezidentliyə namizədi Jill Stein bir neçə həlledici ştatda seçki nəticələrinin təftişi üçün rəsmi müraciət hazırlayır.

Bu məqsədlə Stein internetdə 2, 5 milyon dollarlıq ianə fondunun toplanması kampaniyasına başlayıb. Bu pul ona Michigan, Pennsylvania və Wisconsin ştatlarında səslərin yenidən saydırılması üçün lazımdır.

Stein bildirib ki, bu ştatlarda “səsvermə anomaliyalarının” baş verdiyini göstərən inandırıcı dəlillər vardır. Söhbət, əsasən səslərin toplam rəqəmlərindəki əhəmiyyətli uyğunsuzluqlardan gedir.

Yaşılların namizədi bidlirib ki, bu məsələ 2016-cı il seçkisinin nəticəsi rəsmən təsdiq edilməzdən əvvəl təhqiq olunmalıdır.

Səslərin təkrar sayılmasını habelə bir neçə alim və fəal qrupları da tələb edirlər. Onlar deyirlər ki, seçki sisteminə xarici hakerlər müdaxilə edə bilərdi.

Narahatlıq keçirən qruplar məğlub olmuş demokarat namizəd Hillary Clinton-u da bu kampaniyaya qoşulmağa çağırıblar.

“The Guardian” yazır ki, Donald Trump Pennsylvania və Wisconsin-də gözlənilməz və həm də cüzi səs çoxluğu ilə qələbə qazanıb. O hələ seçki nəticələri elan edilməmiş Michigan ştatında da qalib gələ bilər.

Bir neçə ştatın qanunları seçki səslərinin yenidən sayılmasına icazə verir. Amma Trump-ın 0, 7 faiz fərqlə qalib gəldiyi Wisconsin ştatında təkrar hesablama üçün qoyulmuş müddət cümə günü başa çatır.

Trump-ın cəmi 0, 3 faizlə irəlidə olduğu Michigan ştatında səslərin təkrar sayılması üçün müddət noyabrın 30-da başa çatır.

“The Guardian” qəzeti bundan əvvəl də yazmışdı ki, alimlərin və fəalların koalisiyası seçki təhlükəsizliyi barədə narahatlıqlarını gələn həftənin əvvəllərində Konqres komitəsinə və federal hakimiyyət orqanlarına rəsmən bildirməyə hazırlaşırlar.

ABŞ seçkiyə yardım komissiyasının müşaviri və elektron səsvermə eksperti doktor Barbara Simons deyib ki, o səslərin yoxlanmasını istərdi.

Xanım Simons deyib ki, seçki sonrası bülleten auditinə ciddi ehtiyac var.

Milli Səsvermə Hüququ İnstitutunun təsisçisi John Bonifaz və Michigan Universiteti kompüter təhlükəsizliyi və cəmiyyət mərkəzinin direktoru, professor Alex Halderman-ın rəhbərlik etdiyi qrup da bülleten auditinin aparılmasını tələb edən ikinci ekspert qrupuna rəhbərlik edirlər.

Çərşənbə günü yazdığı bloqpostda Halderman bildirir ki, Wisconsin, Michigan və Pennsylvania ştatlarında bülletenlər və səsvermə cihazları təftiş edilməlidir.

Lakin o əlavə edir ki, əgər rəsmi namizədlər bir neçə gün ərzində tələb etməsələr bu təftişi heç kim həyata keçirməyəcək.

“The Guardian” yazır ki, Clinton-un Trump-a məğlubiyyətindən az əvvəl ABŞ kəşfiyyat agentlikləri bildirmişdilər ki, ABŞ-da regional seçki seçki kompüterlərinə və demokrat rəsmilərin emaillərinə haker müdaxiləsinin arxasında ruslar dayanır.

Wisconsin ştatının seçki nəticələrində müəmmalı görünən budur ki, Donald Trump burada yalnız elektron səsvermə keçirilən dairələrdə udub, köhnə qaydada kağız bülletenlərlə səs verilən dairələrdə isə uduzub.

Bu da qeyd olunur ki, Wisconsin-də istifadə edilən səsvermə cihazları California da daxil bir çox ştatlarda qadağan olunub. Buna səbəb bu cihazların haker hücumu qarşısında müdafiəsiz olduğunun aşkar edilməsi olub.

Lakin bu fərziyyələri rədd edən ekspertlər də var. Onlar həlledici ştatlarda qeydə alınmış nəticələrin seçkinin ümumi nəticələrinə təsiri barədə iddiaların şişirdilmiş olduğunu bildirirlər.

Buna baxmayaraq kibertəhlükəsizlik, müdafiə və seçki üzrə ixtisaslaşmış onlarca professor Konqres liderlərinə açıq məktub yazaraq seçkiyə xarici müdaxilə barədə xəbərlərdən “dərin narahatlıq” keçirdiklərini bildiriblər.

Məktubda deyilir ki, seçki sisteminə Rusiyanın müdaxiləsinə dair iddia və məlumatlar çox səhih araşdırılmalıdır.

“The Guardian” yazır ki, Stein-in bəyanatı indiyədək sakit dayanmış Clinton düşərgəsini də hərəkətə gəlməyə ürəkləndirə bilər.

Clinton-un ən yaxın müşavirlərindən Huma Abedinin bacısı açıq bəyanat verib. Onun sözlərinə görə Michigan, Pennsylvania və Wisconsin ştatlarında Trump-a sayılmış 55 min səsin ləğv olunması kifayətdir ki, Hillary Clinton qalib elan edilsin.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.