Sonuncu Xəbərlər

Elgiz Qəhrəman məktub yazıb: “Bol-bol kitablar göndərsəniz, sevinərəm”

Noyabr 2nd, 2016 | by ELPRESS.AZ
Elgiz Qəhrəman məktub yazıb: “Bol-bol kitablar göndərsəniz, sevinərəm”
Digər
0

Noyabrın 1-i nidaçı siyasi məhbus Elgiz Qəhrəmanın doğum günü idi. Doğum günü münasibəti ilə vicdan məhbusu dostlarına məktub yazıb. Məktubun mətnini təqdim edirik:

“Salam, əziz dostlar. Kədərin canlı yayımından sizi salamlayıram. Otaqda saat yoxdur, amma tv sonluğu üçün saatın 00:00-ı keçdiyini bilirəm. Qısacası, artıq 1 noyabr, çərşənbə axşamıdır. Və bu gün mənim doğum günümdü. 30 yaşım üçün çox fərqli xəyallarım, planlarım var idi. Amma necə deyərlər:

Yox həyatın ədaləti,
Yazdı mənə bu qisməti.

Bu gün boş bir ev kimi kədərli hiss edirəm özümü. Çünki 30 yaşımı burda – dəmir barmaqlıqlar arasında keçirəcəm. Mən bu 30 yaşa heç hazır deyildim. Adama elə gəlir ki, kimsə məni bu yaşa çatmaq üçün qəsdən qovub. Mənimçün bu günü əlamətdar edəcək tək sevindirici hal səhər açılanda, yəni 81 gündən sonra anamla atamı görməyim olacaq.

Daha uzun müddət, hətta 2-3 il onları görmədiyim olmuşdu. Amma bu dəfəki fərqlidi. Heç belə darıxmamışdım anam üçün. Eyni şəhərdə olub görüşə bilməmək kədərləndirir adamı. Səsim çatan yerə əlim çatmır.

Burdakı ilk günlərim çətin keçdi. Üstümdəki şoku atıb bura adaptasiya olmağım vaxt aldı. Amma artıq yaxşıyam. Günlərim kitab oxumaqla, tv-yə baxmaqla, məntiqi testlər etməklə və kamera yoldaşımla danışmaqla keçir. Sentyabrın 3-dək sadəcə 2 kitab oxumuşdum. Amma sentyabrın 3-dən bugünə kimi 52 kitab bitirmişəm.

Siz də bol-bol kitab göndərsəniz, sevinərəm. Özümü budaqları kəsilmiş ağac kimi hiss edirəm burda. Hər həftə gördüyüm, görüşdüyüm 19 illik sinif yoldaşlarım üçün darıxmışam. Dostlarım, tanışlarım üçün də darıxmışam.

Kədər ortağımla oturub içmək, dərdləşmək üçün lap burnumun ucu göynəyir. Burda hər şey yaxşıdı. Mən də yaxşıyam. Nə qədər yaxşı ola bilərəmsə artıq. Havalar bir az soyuq keçir deyə kamera da soyuqdu. Şükür, hələ ki, xəstələnməmişəm. Amma ünsiyyət orqanım xəstədi. Dərdləşəcək heç kimim yoxdu burda.

Əziz dostlarım, sizdən xahişim, bu gün harada olmağınızdan asılı olmayaraq, dostlarınızla, tanışlarınızla qeyd edin. Deyin ki, bir Elgiz vardı. Yeyin, için, əylənin, ad günümü qeyd edin. Mən yanınızda olmasam da, qəlbim sizinlədi. Hamınızı çox sevirəm”.

01.11.2016, Kürdəxanı, Elgiz Qəhrəman

Qeyd edək ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb. Avqustun 13-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qərarı verib. Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur.

Bu ittihamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə həbs edilməsi barədə bəyanat yaymışdı.

Elgiz Qəhrəman həbs olunduqdan sonra ailəsi ilə görüşə icazə verilmirdi. Bu barədə siyasi məhbusun vəkilləri dəfələrlə açıqlama vermişdi. İlk dəfə Elgiz Qəhrəman doğum günündə ailəsi ilə görüşə bildi.

Şərh yeri

Şərh

Share Button

Comments are closed.